Həə Umud soyuq, bir az da könülsüz cavab verdi.
Bəs həkim deyirdi ki, bir-iki gün qalacaqsan. Özün qalmaq istəmədin? Yulya soruşdu. Yoxsa heç təklif də eləmədilər?
Deməyinə dedilər, özüm qalmadım. Anamdan ötrü çox darıxmışam.
Məzuniyyətə çıxsam, sizə gələ bilərəm? Qəfil sual Umudu çaşdırdı.
Həə Niyə gələ bilmirsən Ünvanımı götür
Ehtiyac yoxdur
Bu vaxt Nabil təlimatçı ilə qapıdan çıxıb maşına yaxınlaşdı, Yulya sözünün gerisini deyə bilmədi və aralanıb getdi.
Bundan sonra sənin ünvanını hamı tanıyacaq, Umud! kimsə Umudun qulağına pıçıldadı bu sözləri. İlahi, bu kimin səsiydi?! Yulyanın? Yulya ki, bunu deməyib getdi!
Nabil maşını işə salıb yola düşdü. Kəndin alt tərəfindəki yola çıxıb sağa buruldu. Onlar gələndə kənd camaatı və məktəblilər bu yolda sıra ilə düzülüb qarşılamışdılar. İndi yolun kənarında bircə nəfər də yoxdu ki, Umud əl eləyib sağollaşsın.
Getmə, Umud! Bizi Umudsuz qoyma! Həmin səs idi, Yulyanın səsinə həm oxşayırdı, həm də yox. Yaralananda da bu səsi eşitmişdi
Umud sağa dönüb tibb məntəqəsinə tərəf baxdı. Həyətdəki əsgərlər o tərəf-bu tərəfə gəzişməkdəydilər, Yulya isə onların yanında deyildi. Sıra ilə tibb məntəqəsinin pəncərələrinə baxdı ki, bəlkə Yulya hansısa pəncərədən onların arxasınca baxır, amma pəncərələrdən baxan yox idi. Yulya heç harda görünmürdü. Umud indi çox istəyirdi ki, Yulya onun arxasınca baxsın, əl eləsin. O, bir də buraları görəcəkdimi?
Umudun gözləri sulandı, tibb məntəqəsinin binası tor kimi görünməyə, həm də balacalaşmağa başladı. Deyəsən, xeyli aralanmışdılar.
Umud bir də baxdı ki, sərnişin vaqonundadır. Elə bələdçinin kupesindən sonrakı kupedədir, daha doğrusu plaskartdadır, çünki vaqon plaskart olanda kupeyə də plaskart deyirlər. Bunu Umud qatarla tez-tez yol getdiyindən yaxşı bilirdi. Qəribəydi, bu vaqonun provodniki, yəni bələdçisi də Zakir Hüseynovdu. Umud onu görəndə elə bildi ki, başqa adamdı, amma ona çox oxşayır. Axı axırıncı dəfə onu hərbi mundirdə görmüşdü. Nə qədər olmasa da, mülki geyim adamı dəyişir. Diqqətlə baxanda əmin oldu ki, bələdçi odur, Zakir Hüseynovdur ki, var. Müharibə vaxtı bir hərbi hissədə olublar. Zakir o vaxt da vəzifədəydi, indi də vəzifədədir. Gərək ki, rütbəsi də vardı kapitanıydı. Bəs nə yaxşı indi provodnik işləyir? Yəqin müharibə qurtarıb deyə buraxıblar. İndi müharibədir, yoxsa müharibə bitib? Umudun başı keyimişdi. Heç nə vaxt, neçənci il, ayın günü də xatirində deyildi, huşdaydı, yuxudaydı, bilmirdi.
Qəribəydi, heç Zakir pravadnik də onu xatırlamırdı. Salamlaşanda tanışlıq versə də Zakir elə baxdı ki, elə bil birinci dəfəydi onu görürdü. Deyəndə ki, mənəm, Umud, filan vaxtı, filan yerdə yaralanmışdım, Zakir təəssüflə çiyinlərini çəkdi, onun ağzından ikicə kəlmə söz çıxdı: ola bilər!
Umud bircə onu bilirdi ki, evlərinə gedir. Hardan gəlir, nədən gəlir, fərqində deyildi. Birinci plaskartda alt yerdə necə oturtmuşdularsa, eləcə də oturub qatarın tərpənməsini, yola düşməsini gözləyirdi.
Elə ki, qatar fit verib yerindən tərpəndi, Umudun canına rahatlıq yayıldı. Adam elə bil min ilin yorğunuydu, min ilin yuxusuzuydu.
Qatar dayanacaqdan təzəcə aralanmışdı ki, Umudun canına üşütmə düşdü, rahatlıq birdən gəldiyi kimi bir anın içində də yoxa çəkildi. Birdən özü-özündən şübhələnməyə başladı. O, düzgünmü minmişdi qatara? Vaqondakıların danışığı heç onların danışığına oxşamırdı. Birdən vaqona səhv minər? Yaxşı, deyək ki, Umud səhv mindi, bəs bileti yoxlayanda pravadnik hara baxırdı?
Növbəti dayanacaqda Zakir bələdçi özü Umuda yaxınlaşdı.
Umud! dedi. Gəl, səni ikinci polkaya qaldıraq. Bir qadın var, uşağı ilə birgə gedir. Onlar yuxarıda yerləşməzlər, yenə aşağıda ana-bala baş-ayaq birtəhər keçinərlər.
Nə deyirəm ki! Umud razılaşdı.
Zakir bələdçi başqa bir pəzəvəngin köməkliyi ilə Umudu qaldırıb ikinci polkaya uzatdılar.
Daha bir dayanacaq getmişdilər ki, Zakir bələdçi yenə də gəldi.
Mənim Umud qardaşım! Yağlı dilini işə saldı. Bir də bir kişi gəlib, yaşlı kişidi. Aşağı cərgələrdə yer qalmayıb, heç tualetin yanındakı bokovoy da boş deyil. Gəlsənə, icazə verəsən, onu qaldıraq sənin yerinə.
Bəs mən harda uzanıb yatım? Umud soruşdu və deyəsən bunlar məni axırda döşəmənin üstünə uzadacaqlar düşündü.
Heç narahat olma, səni indi üçüncü polkaya qaldıracağıq. Sənin üçün nə fərqi var, təki yatmağa yer olsun. Axı sən keçmiş döyüşçüsən, canın bərkdir.
Nə deyirəm ki! Umud yenə də təslim oldu, amma bir şeyi başa düşə bilmədi, bilmədi ki, onun keçmiş döyüşçü olduğunu qiymətləndirirlər, yoxsa başına qaxınc eləyirlər.
Onu qaldırıb üçüncü polkaya uzatdılar. Yerinə uzundraz bir kişi çıxdı. O qədər uzun idi ki, ayaqları çöldə qalmışdı.
Bir az da getmişdilər ki, Zakir bələdçi yenə gəldi.
A kişi, tez elə, yolpulunu ver. Ayaqlarını da yığ qarnına, az qala ortadan keçənin gözünü çıxarasan.
Nağayırım, uzundu, yerləşmir.
Heç olmasa revizorlar gəlib gedincə yığ.
Zakir bələdçi kişidən pulu alan kimi aşağıda uzanan arvada təpindi.
Tez elə, sən də pulu ver, görüm.
Arvad eşələnib harasındansa əzik pul çıxarıb ona uzatdı.
Bu nədir? Zakir bələdçi narazılığını bildirdi. İki nəfərə iyirmi manat azdır. Heç olmasa otuz elə. Tez elə. İndi revizor gələcək. Uşağı da böyrünə elə uzat ki, başı adyalın altında olsun, revizorlar görməsin.
Boğular axı Arvad etiraz elədi.
Qolunu başının yuxarısından elə qoy ki, adyalın altına hava getsin, boğulmasın. Revizorlar gəlib gedəndən sonra çıxar.
Bəs deyirdin, uşağa ayrıca yer verəcəksən?
Yer oldu, vermədim! Revizorlar bir ucdan göndərirlər. Görmürsən polkalarda iki-iki yatırlar?
Onda mən özüm revizora deyəcəm.
De. De, görüm sonra nə olacaq. Ana-bala hərənizə əlli manat cərimə yazacaq, qalacaxsan cıvıldıya-cıvıldıya.
Zakir bələdçi təzəcə getmişdi ki, dediyi revizorlar gəldi. Adamları saya-saya vaqonu o başa gəzdilər, bu başa qayıtdılar, birdən üçüncü polkada uzanan Umudu gördülər.
Aha, tapdıq, bezbilet burdaymış ki!
Qalxıb üçüncü polkaya ki, görməyək.
Tez elə, düş aşağı!
Elə bu an aləm qarışdı bir-birinə, qışqır-bağır vaqonu götürdü başına. Danqadurunq səsindən başı getdi, qulağı cingildədi
Umud bir də baxdı ki, heç nə yoxdu. Bu nə yuxuydu, mən gördüm?
Darvazanın danqıltısı bir də gələndə gözlərini tam açdı və anladı ki, gördüyü yuxuymuş, çünki qatarda deyil, öz yatağında uzanılıydı.
Bu nə idi, yuxuydu, gerçəy idi? Artıq səhər idi, hava işıqlaşmışdı. Umud hamısını qarışdırmışdı. İndi xatırladı ki, o, yuxudan ayılanda gecə yarı idi. Şirin xəyalları onu yaxın keçmişinə döyüş yollarına, yaralanmasına, İranda müalicəsinə, ziyafət-vida məclisinə aparırdı. Bəs nə vaxt yenidən yuxuya getmişdi, bundan xəbəri olmamışdı.
Yaxşı ki, yuxudan tez ayılmışdı, bir az da gec ayılsaydı, yəqin ki, evlərinə gəldiyi günü görəcəkdi. Umud həmin günü xatırlamaq istəmirdi, heç xatirindən çıxardıb unuda da bilmirdi.
Anaya qarşı, bəlkə də ən böyük amansızlıqdı balasının qapıya müstər, şikəst, dizdən aşağı ayaqları kəsili halda gətirilməsi, Umuda görə beləydi. Ölümün çarəsi vardı, gözün yaşı quruyanadək ağlamaqdı, səs batana qədər ağı deyib vay-şivən qoparmaqdı bunun çarəsi. Bəs şikəstliyin çarəsi nəydi? Umud elə hey fikirləşirdi, bunun cavabını tapa bilmirdi
Həmin gün anası onu görən kimi yüz ilin palıd ağacı yerə yıxılantək tirtap torpağa döşəndi. Torpağı qucaqlayıb şivən qopardı. Onun ərşə qalxan ah-naləsi bir anın içində kəndi ayağa qaldırdı. Uşaqdan böyüyə hamı Umudgilin həyətinə toplaşdı, heç atası öləndə bir belə adam yığılmamışdı.
İlahi, mən sənə neyləmişdim ki, cəzamı belə ağır elədin?!