Azəri Əli Bəy - Bizi Umudsuz qoyma стр 7.

Шрифт
Фон

Aləmlərin rəbbi, övlad acısını anaya necə qıydın?

Axı sən adilsən, ədalətlisən, rəhimlilərin ən rəhimlisisən

Yox, yox

Umud bu səhnəyə dözə bilmirdi, bir daha o günü xatırlamaq istəmirdi

Dəmirin cırıltısından hiss elədi ki, anası darvazanı açdı.

Oğlun hanı?

Gələnlərdən hansısa anasının üstünə elə qışqırdı ki, Umud dik atıldı. Qalxıb yerinin içində oturdu, arxasını divara söykədi. Pəncərəyə pərdə asmamışdılar deyə həyət apaydın görünürdü. Darvazanın ağzında iki, ya üç nəfər hərbi geyimli anası ilə danışırdılar. Danışılanları Umud eşidirdi.

Umudu deyirsiniz?

Sənin başqa oğlun da var?

Yox, elə bircə oğlum var.

Hardadı o?

Harda olacaq, evdə.

Arvad kimi qaçıb evdə gizlənib. Onun yoldaşları gecə-gündüz ermənilərlə üzbəüz səngərdədirlər. Bir an belə gözlərini qırpmadan vətəni qoruyurlar. Sənin oğlun isə fərarilik edib.

Umud bunu eşidəndə dəli oldu, hirs vurdu başına, yumruğuyla divarı döyəclədi.

Ay bala, bu nə cür danışıqdır? Mənim oğlum da sizin kimi əsgəriydi, cəbhədəydi, müharibədəydi. Oğlum orda can qoyub.

Nə vaxt gəlib oğlun?

Az qalır doqquz ay olsun.

Nə? Doqquz ay?  Hərbçi əlindəki siyahıya baxır.  Bu siyahını ki, bizə indi veriblər, burda bir ay əvvəl hərbi hissəni tərk etdiyi yazılıb. Polkovnik Zakir Hüseynov özü qol çəkib siyahıya.

Zakirin adını eşitcək Umud havalandı: O, özü məni yola salmadımı? Komandir ona dönə-dönə dedi ki, pravadnikliyinə salma, get sənədləri işlə! Axx, pravadnik, pravadnik!

Hə, bəlkə də bir az çox olar. Oğlum özbaşına gəlməyib ki, üstümüzə hücum çəkirsiniz

Kim icazə verib ona?

Kim icazə verəcək? Böyüyü, komandiri

Biz onun arxasınca gəlmişik. De, öz xoşu ilə geyinsin, gəlsin, bizimlə getməlidir. Yoxsa zorla aparacağıq

Arvadı qəhər boğdu.

O, gedə bilsəydi, heç evdə oturardı Özünü saxlaya bilmədi, hönkürdü, yaylığı ilə gözünün yaşını sildi, ağzını tutdu.  Keçin Keçin içəri Özü ilə danışın.

Düz deyirsən, çoxdan qaçıb rusetə getməliydi Onlardan biri kinayəli-kinayəli dedi.

Hərbi polisin zabiti əsgərin birinə astadan tapşırıq verdi:

Mən belə şeyləri çox görmüşəm. Sən tez evin arxasına keç. Anası burda başımıza qatar, oğlu evin arxasından çıxıb qaçar.

Evin giriş qapısına yaxınlaşanda Umud birtəhər dirsəklənib pəncərədən onlara baxırdı. Ev kürsülü idi deyə ikimərtəbəli kimi görünürdü. Umudu görən kimi hərbi polisin zabiti dilləndi:

Heç utanmırsan? Boyuna, buxununa bax bunun.

Danışığını bil, mən döyüşəndə sən kənddə, kəsəkdə burnunun suyunu axıdırdın, yəqin

Uzun danışma, de görüm, sənə kim icazə verib?

Mənə polkovnik Əliyev özü icazə verib.

Polkovnik Əliyev e Onu çoxdan çıxarıblar.

Mayor Orduxanov şəxsən yola salıb.

Onu da Murova, ağ ayıların yanına göndəriblər.  Nə fikirləşdisə başını buladı.  Axı onları çoxdan dəyişiblər. Bu siyahını isə bizə bir aydı veriblər. Qaçanları yığa-yığa gəlib çıxmışıq.

Kim verib o siyahını sizə?

Zakir Hüseynov. Bir də sənə nə dəxli var kim verib. Düş gəl, bizimlə getməlisən.

Mən düşə bilmirəm.

Necə yəni düşə bilmirəm? Bəs ora necə çıxmısan?

Məni bura çıxarıblar. Dedim axı, mayor Orduxanov mənə iki nəfər qoşmuşdu. Gətirib qoydular burda, çıxıb getdilər.

Bu, deyəsən, bizimlə məzələnir e Hərbi polisin zabiti üzünü əsgərə tutdu.  Qalx yuxarı, onu düşür aşağı.

Əsgər qaça-qaça evə girib Umudun otağına qalxdı. Qaça-qaça da geri qayıtması bir oldu. Rəngi ağappaq ağarmışdı.

Nooldu? Niyə qayıtdın?

Komandir, özünüz qalxsanız yaxşıdır.

Hərbi polisin zabiti də içəri keçdi. Umud pəncərədən yerə düşmüşdü, döşəmənin üstündəydi. Zabit ona baxdı baxdı, sonra diqqətlə siyahıya göz gəzdirdi. Doluxsundu, deyəsən, gözləri doldu, siyahı gözündə axdı. Tutulan kimi oldu və asta səslə dilləndi:

Bizi bağışla amma başa düş başa düşməyə çalış Yuxarıdan qəti tapşırıblar, hamını yığmalıyıq, koru da, şikəsti də, lalı da, karı da Qarabağ uğrunda elliklə hücuma keçəsiyik.

Umudun anası gəldi.

Qoymaram oğlumu aparasınız

Hərbi geyimlilərdən səs çıxmadı.

Bəlkə kənd sovetindən arayış alıb verim?

Yox, ana, getsəm yaxşıdır. Gəl, mənim əsgər paltarımı geyindir. Deyəsən, müharibə hələ davam edəcək. Piyada deyiləm ki, tankçıyam. Təki məni qaldırıb tanka oturtsunlar. Atıcının ayağa ehtiyacı yoxdur, orda hər şey göz və əl ilədir.

Biz əmrə tabeyik. Bizdən olsa özümüz hər şeyi gördük. Amma orda bizim sözümüzə inanmayacaqlar.  Hərbi polisin zabiti anaya başa salmağa çalışdı.  Əmr olunub ki, bu siyahıya adı düşənlərin hamısı qərargaha gətirilməlidir.

Hərbi geyimlilər dinməzcə həyətə düşdülər. Hərəsi bir siqaret yandırdı.

Anası ağlaya-ağlaya Umudu geyindirdi.

Sonra onlar yenidən yuxarı qalxdılar. Ana kənardan hərbi geyimli oğlunu süzürdü. Əsgərlərdən ikisi əllərini qoşalayıb Umudu çarpayının üstündən götürdülər. Zabitin işarəsi ilə aşağı düşürməyə başladılar.

Ana dözə bilmirdi, amma özünü sıxıb saxlamışdı, cıqqırı da çıxmırdı, gözlərindən isə su sel kimi axırdı.

Qorxma, ana!  Umud ötkəm səslə dilləndi. Sən heç narahat olma, məni bu vəziyyətdə tutub türməyə basmayacaqlar ki! Əgər vətənin bu gün mənim kimi döyüşçüyə ehtiyacı varsa, mütləq getməliyəm. Qoy məni aparıb pulemyotun arxasına oturtsunlar, tankın qülləsinə mindirsinlər. Görsünlər erməniləri necə biçirəm.

Oğlunun aparılmasını görməmək üçün üzünü divara çevirib məchul bir nöqtəyə baxan Ana isə bunları eşitmirdi, bu zaman onun başında bir uğultu, bir haray vardı. Bu haray ona tanış deyildi, heç vaxt, heç yerdə, heç kimdən belə bir haray eşitməmişdi

Bizi Umudsuz qoyma! Kim idi bunu haraylayan? Ana başa düşə bilmirdi. Umudun ondan əziz, ondan yaxın, ondan məlhəm kimi ola bilərdi? Qəfildən geri çevrildi. Çevrildi ki, oğlunun arxasınca qışqırsın, amma artıq gec idi, Ana çevriləndə Umudu oturtduqları tünd göy rəngli hərbi maşın darvazanın ağzından uzaqlaşdı.

Umud onsuz qala bilməyən Vətənin harayına gedirdi. Maşının arxasınca bir müddət baxan Ana yaxşı ki, bunu başa düşüb sakitləşdi, yoxsa ürəyi partlayardı. Həyətə düşüb əllərini göyə qaldırdı, Tanrıya dua elədi: Nə olar, ya rəbb, bizi də Umudsuz qoyma!

Sevgi və Borc

Fəxr eyləmə, ey bülbülü şeyda ki, çəmənim var mənim,

Qoy, fəxr eyləyim mən ki, gözəl bir vətənim var mənim

Əliağa Vahid


Bakı Astara qatarı İydəli keçidində bir anlıq dayanıb tərpənəcəkdi. Keçid Masallı stansiyasından üzü Lənkərana tərəf beş kilometrlik məsafədə yerləşirdi. Nadir hallarda olsa da, keçiddə düşənlərə təsadüf edilirdi. Burada qatardan düşənlər, əsasən, sərhədçilər olurdu bəlkə də keçidi onlar üçün nəzərdə tutmuşdular.

Qatar Masallıdan tərpənən kimi orta yaşlı bələdçi Samirə xanım yaxınlaşıb ara kupelərdən birində yatmış hərbçi sərnişinin çiynindən ehmalca tərpədərək oyatdı. Asta səslə:

Qalxın!  dedi.  Beş dəqiqədən sonra İydəlidəyik.

Bələdçi gedən kimi leytenant Osman Osmanov yatağından qalxdı. Mələfələrini və balınc üzünü götürüb bələdçinin otağına getdi. Onun yuyunaraq kupesinə qayıtması heç iki dəqiqə də çəkmədi. Ehmal hərəkətindən heç kim oyanmamışdı kupe yoldaşları hələ də mıshamıs yatırdılar. Əşya çantasını kürəyinə geyindi, sonra çamadanını götürüb asta addımlarla vaqonun çıxışına yollandı.

Sən nahaq burda düşürsən, oğlum.  Bələdçi Samirə hər ehtimala qarşı ona etirazını bildirdi.  Buradan bir yana çıxmaq çox çətindir. Heç olmasa gözləyib Qazmalar stansiyasında düşsəydin, oradan taksilərlə hara istəsəydin gedə bilərdin.

Niyə bəs təlimatda İydəlini yazıblar? Əgər lazım olsaydı Qazmaları yazardılar. Yazıblarsa, deməli, burada qatardan düşmək lazımdır. Sərhədçi çekist kimi həmişə sərvaxt olmalıdır xidmətdə də, mətbəxdə də, səyahətdə də, haradan, nə vaxt gəlib hara getdiyini heç kim görməməlidir. Yoxsa onun harası oldu sərhədçi? Osman öz-özünə belə düşündü və fikirləşdi ki, İydəlidə düşməyi düzgündür, yoxsa iyirmi-otuz gözün vaqon qapılarına dikildiyi Qazmalarda düşmək sərhədçi işi deyil.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Популярные книги автора