Leytenant Osmanov. Atdan düşüb o da özünü tanıtdı. Zastava rəisinə xəbər ver.
Zastava rəisi indi səhər bölgüsünü aparır. Çavuş İbrahimov imkan vermədi ki, leytenant sözünü bitirsin. Siz bir az səbr edin, bölgü qurtarsın, mən özüm xəbər verəcəyəm.
Qaydanı bilirdi deyə leytenant Osmanov zastavanın ərazisinə keçməyə cəhd göstərmədi. Atı yaxınlıqdakı dəmirağacın alçaq budaqlarından birinə bağladı. Sonra çamadanını atın belindən düşürüb NBM budkasının divarına söykədi, əşya çantasını da onun yanına qoydu. Indi yadına düşdü ki, səhərdən bəri dilinə bir dənə də olsun siqaret dəyməyib. Cibindən bir siqaret çıxarıb yandırdı. Sonra telefonunu çıxarıb baxdı, saat səkkiz iyirmi beşi göstərirdi. Amma burada, deyəsən set tutmurdu, çünki antenanın göstəriciləri həm Narmobil də, həm də Baksell də şkalasız qalmışdı. Osman telefonunun cibində qalıb sıxıldığını, buna görə də setin itdiyini zənn edib telefonu silkələdi, silkələdi, düymələrini aşağı-yuxarı tərpətdisə də bir şey dəyişmədi. Dəniz səviyyəsindən, bəlkə də min beş yüz metr məsafədən hündür olan bu ərazidə ola bilməzdi ki, mobil telefon işləməsin. Görünür, hansısa qurğu ilə şüanı dayandırıblar. Axı bura mühüm bir yer, dövlət sərhədlərinin keşiyini və mühafizəsini təşkil edən sərhəd zastavasının ərazisi idi.
Siqaretini təzəcə çəkib qurtarmışdı ki, çavuş İbrahimov təngənəfəs gəldi.
Cənab leytenant! deyə müraciət etdi. Mayor Bədəlov sizi gözləyir.
Leytenant Osmanov siqareti yerə atıb ayağı ilə söndürdü. Əl atıb çamadanı götürmək istəyəndə çavuş İbrahimov dilləndi:
Narahat olmayın. Biz gedək. Mən tapşıraram, əşyalarınızı hara lazımdırsa gətirərlər.
Onlar bir-birinin ardınca NBM-dən içəri keçib zastava rəisinin dəftərxanası yerləşən birmərtəbəli binaya tərəf yollandılar.
Leytenant Osmanov qapını döydükdə ucadan buyurun sözünü eşidən kimi içəri keçdi. Mayor Bədəlov masanın arxasından çıxıb onunla görüşmək üçün qapıya tərəf addımlayırdı.
Cənab mayor! Leytenant Osmanov xidmət keçmək üçün sizin sərəncamınıza gəlmişdir.
Tanışlıq çox da uzun çəkmədi. Leytenant Osmanov özü haqqında qısa məlumat verdikdən sonra mayor Bədəlov zastava növbətçisinə selektor vasitəsilə baş leytenant Əzimovu çağırmağı tapşırdı. Şəxsi heyət üzrə müavin olan baş leytenant Əzimov sanki qapının arxasında durub çağırılacağını gözləyirmiş.
Cənab mayor! 18-ci nöqtənin yaxınlığında tutulan uşaqları danışdırdım. Şübhəli heç nə aşkar olunmadı. Uşaqlar qonşu Əvəlikli kəndindəndirlər. Dünən dərsdən sonra axşamüstü dağdağan yığmaq üçün meşəyə gedib əks istiqamətdə hərəkət edərkən qaranlığa düşüb azmışlar və sərhəd xəttinin yaxınlığında sərhəd naryadı ilə qarşılaşmışlar. Qorxub qaçmaq istəyərkən əsgərlərimiz onları yaxalayaraq zastavaya gətirmişlər. İcra nümayəndəsinə məlumat vermişik, valideynləri müəyyənləşdirilib.
Neynək. İndi sərhəd dəstəsinin qərargahından xüsusi şöbənin zabiti gəlir, yoldadır. Biz bir şey aşkarlaya bilmədiksə, o, uşaqlarla söhbət edər. Bəlkə bir şey tapıb üzə çıxartdı. Sonra da uşaqları ona təhvil verərik, qərargaha aparar.
Yoldaş mayor! Burada xüsusi şöbəlik nə var ki?! İcra nümayəndəsinə məlumat vermişəm. İndi uşaqların arxasınca valideynləri gəlməlidir.
Nə deyirəmsə, onu da elə. Burada məmə yeyəndən pəpə yeyənə kimi hər kəs bilir ki, ərazi sərhəd bölgəsidir. İndiyə kimi quş quşluğu ilə sərhəddin əlli-yüz metrliyində hərlənməyib. Yerli əhalidən heç kim sərhədçi görəndə qaçmayıb. Uşaqlar əsgərləri görəndə qaçmağa cəhd göstəriblərsə, deməli burada nə isə bir sirr var. Çünki meşədə azmış uşaqlar əsgərlərdən qaçmalı deyildi, onlara yaxınlaşıb kəndə qayıtmaq üçün kömək istəməliydi. Bax, bütün bunları aydınlaşdırmaq gərəkdir. Biz aydınlaşdıra bilmədiksə xüsusi şöbənin zabiti mütləq müəyyənləşdirər.
Aydındır! deyə yarıciddi, yarıkönülsüz cavab verdi baş leytenant Əzimov.
Leytenant Osmanovu da özünlə götür, zastavadakı həyat barədə məlumat verərsən. Həm də otağın açarını verin, yerləşsin. Nahardan sonrakı bölgüdə şəxsi heyətə təqdim edərəm.
Cənab mayor, bəs Savalan kişinin atı necə olsun? Leytenant Osmanov maraqlandı. Axı onu geri qaytarmaq lazımdır.
Heç narahat olma. Gizir Yusifov bu gün məzuniyyətə gedəcəkdir. Savalan kişinin atını da o, aparar.
Gedə bilərikmi? Baş leytenant Əzimov lap tikan üstündə oturubmuş kimi dilləndi.
Gedin.
Oldu! Baş leytenant Əzimovla leytenant Osmanov təzim edib otaqdan çıxdılar.
Tanış olaq, mənim adım Vidadidir. ilk olaraq baş leytenant Əzimov əl uzatdı.
Osman! Leytenant Osmanov onun əlini sıxdı.
Sərhəd Qoşunlarının Akademiyasını bitirmisən?
Hə, bəs sən?
Mən Pedoqoji Universitetin psixologiya fakültəsini bitirmişəm. Əsgərlikdən sonra üç aylıq zabit kursu keçib hərbi rütbə almışam. Beş illik müqavilə əsasında xidmət keçirəm. Üç ilim keçib, qalıb iki ilim.
Onlar danışa-danışa gəlib baş leytenant Əzimovun dəftərxanasına çatdılar. Otağa daxil olan kimi uşaqların ikisi də yerlərindən dik atıldılar.
Baxın, sizə axırıncı xəbərdarlığımı edirəm. Leytenant Osmanov sizin işinizlə bağlı Bakıdan gəlib. Indi o da sizinlə söhbət aparacaq. Əgər günahınızı boynunuza almasanız işləriniz fırıxdır. Baş leytenant Əzimov bunu deyib otağı tərk etdi, çıxanda leytenant Osmanova işarə verdi ki, söhbətini elə, indilərdə qayıdıram.
Oturun! Leytenant Osmanov uşaqlara asta səslə komanda verdi və özü də keçib onlarla üzbəüz əyləşdi. Tanış olaq. deyib əl uzatdı.
Uşaqlar bunu gözləmirmiş kimi devikə-devikə qaldılar, sonra bir-birlərinin ardınca leytenantla əl tutub salamlaşdılar.
Habil.
Cümşüd.
Uşaqlar adlarını deyəndə elə bil ağarmış bənizlərinin rəngi yerinə gəldi, sifətləri allandı. Bu, əlbəttə ki, leytenant Osmanovun nəzərindən yayınmadı, deməli, səmimi söhbət aparmaq olardı.
Komandir, bəs bizi döyməyəcəksiniz?
Kim dedi ki, sizi döyəcəyik? Leytenantın sualına uşaqlar cavab verə bilmədi, sadəcə gözlərini döydülər.
Bəs bayaqkı komandir deyirdi ki, bizi türməyə basdıracaq.
Döymək nəyə lazımdır. Leytenant Osmanov gülümsündü. Biz cinayətkarı axtarırıq. Siz bu işdə gərək bizə kömək edəsiniz.
Sizə necə kömək edə bilərik. Biz axı heç bir cinayətkar görməmişik və tanımırıq da. Habil cavab verdi, Cümşüd də onun dediklərini başının işarəsi ilə təsdiqlədi.
Uşaqlar, gözləməyə vaxtımız yoxdur. Siz sadəcə başınıza gələn əhvalatı danışın, ancaq heç nəyi gizlətməyin. Meşəyə nəyə getmişdiniz, orada nə gördünüz, kimi gördünüz?
Meşəyə dağdağan yığmağa getmişdik. Birdən yağış yağmağa başladı. İslanmamaq üçün gizlənməyə yer axtarırdıq. Gördük kimsə qayanın dibindəki mağaraya tərəf gedir. Biz də onun arxasınca düşdük. Yaxınlaşanda gördük ki, Kor Miseyibdir. Çiynində də qara sumkası vardı. O, qayanın dibindəki mağaraya girdi. Qorxduq ondan, gözlədik ki, çıxıb getsin. Miseyib kənddə bizi görəndə həmişə qovalayır, onun uşaqlardan xoşu gəlmir. Yağış güclənmişdi, biz islanırdıq, odur ki, birtəhər qayanın aşağı tərəfindəki iri daşların qarnına sığındıq. Yağış kəsəndə artıq qaranlıq düşmüşdü. Ha axtardıqsa gəldiyimiz yolu tapa bilmədik. Birdən yaxınlıqda səs eşitdik elə bildik Kor Miseyibdir, bizi döyməyə gəlir. Qaçıb gizlənmək istəyirdik ki, üstümüzə işıq salıb tutdular. Sonra bildik ki, bizi tutan Miseyib kişi deyil, sərhədçilərdir. Komandir, vallah, biz heç nə oğurlamamışdıq, meşəyə dağdağan yığmağa getmişdik.
O Miseyib dediyiniz doğrudan kordur?