Enli dəhlizdə paltar asmaq üçün divarlara hər iki tərəfdən asılqanlar bərkidilmişdi. Sağ və sol otaqların qapıları da dəhlizə açılırdı. Savalan kişinin göstərdiyi başdakı otağın mətbəxin qapısı açıq idi, Osman çamadanı ilə səhra çantasını dəhlizin küncünə qoyandan sonra mətbəxə keçdi. Elektrik çaynikinin dızıltısı, pilətənin üstündə dəmə qoyulmuş qəfədanın səsini üstələmişdi otağın sükutunu pozan yeganə səs çaynik dızıltısıydı. Bir müddət qonağının duruxduğunu görən Savalan kişi ayağa qalxıb dəhlizin sol tərəfindəki qapını göstərdi.
Buyur, əşyalarını ora keçir. dedi. Nəvəm Babəkin otağıdır.
Osman dəhlizə qayıdıb əşyalarını götürdü, Savalan kişinin otağına keçib onları küncə qoydu. Otaqda taxtadan qədimi çarpayı vardı Osman heç vaxt belə yatacaq görməmişdi. Otağa ani göz gəzdirdikdən sonra mətbəxə qayıtdı. Savalan kişi çayları süzüb masanın üstünə qoymuşdu. Həm də nimçəyə bir neçə pryannik və peçenye qoyulmuşdu.
Utanma, oğlum, babanın olanından, çayını şirni ilə iç.
Osman çayını rahat içsin deyə Savalan kişi çayından bir qurtum alıb danışmağa başladı.
Hə, oğlum, mən əlli ildir ki, burda yaşayıram. Bir vaxtlar Komuna sovxozunun qarovulçusuydum buralar sovxozun biçənək yerləriydi. Kəndimiz uzaq deyil, iki kilometrlikdə yerləşir. Uşaqlar məktəbə piyada gedib-gələrdilər. Elə ki, böyüdülər, çıxıb getdilər şəhərə. Nəvəm Babək mənimlə qalırdı. O da bu il məktəbi bitirib getdi şəhərə, deyir universitetə qəbul olub.
Bəs yoldaşınız?
Sara vəfasız çıxdı, on ildən çoxdur ki, dünyasını dəyişib. Torpağı sanı yaşasın, adını nəvəmə qoymuşam.
Allah rəhmət eləsin! Osman söhbətin mövzusunu dəyişməyə çalışdı. İndi ki, sovxoz yoxdur, niyə gedib övladlarınızın yanında rahat yaşamırsınız?
Burda lap rahatdır mənim üçün. Tək deyiləm, tez-tez sənin kimi gəlib-gedən sərhədçi dostlarım mənə baş çəkir. Savalan kişi çayından bir neçə qurtum içib özü söhbətin mövzusunu dəyişdi, elə bil xatirələri oyanmışdı. Abasquluyevdən üzübəri zastavada xidmət keçən kim varsa hamısı məni tanıyır. Bir neçə saatlıq da olsa, nə vaxtsa qonağım olublar, çayımı içiblər. Sağ olsunlar, heç vaxt məni unutmayıblar, bayramlarda mənsiz masa ətrafına toplaşmayıblar, həmişə başda oturdublar, sağlığıma badə qaldırıblar. Gəlib-gedəndən də həmişə halımı xəbər alırlar.
Abasquliyev, bizim generalmı? Sərhəd Qoşunları Akademiyasının rəisimi? Bəs onda, biləndə ki, mən bu zastavaya yollanıram, niyə mənə heç nə demədi? Axı özü məni təlimatlandırdı, cənab generalın? Savalan kişi danışdıqca Osman fikir-xəyal aləminə daldı. Xəyallar onu bir ay əvvələ, buraxılış yığıncağına apardı.
Hamı böyük iclas salonuna toplaşmışdı məzunların seçim günüydü. Kim harada istəyir, qoy xidmət keçsin. Sərhədlərdən başlanan vətən qanan, başa düşən, müqəddəs borcunu anlayan hər kəs üçün ölkənin hər yeridir. İlk dəfəydi ki, Komandan seçimi məzunların öz ixtiyarına buraxmışdı. Odur ki, Akademiyanın rəisi general Abasquliyev seçimdə özü şəxsən iştirak edirdi, bununla belə masanın üstünə sərhəd dəstələri və zastavaların adları yazılmış vərəqlər də düzülmüşdü. Kim ki, xidmət keçəcəyi zastavanı müəyyənləşdirə bilmirdi, o, bəxtəbəxt vərəq çəkməli olurdu. Həmin vərəqdə hansı zastava göstərilirdisə, məzun da oraya təyinat alırdı.
Məzunlar arasında beş nəfər işğal olunmuş rayonlardandı ki, onlardan da biri Osmanovdu. Müdavimlərin təhsilinə xüsusi qayğı ilə yanaşan general seçimdə də iştirak edərkən xeyir-duasını, nəsihətlərini əsirgəmədi və seçimə məcburi köçkün uşaqlarından başladı.
Kim harada xidmət keçmək istəyirsə, buyursun, söyləsin.
Mən vərəq çəkəcəyəm! Məzunlardan dördü xidmət etmək istədikləri yeri bildirsələr də növbə Osmana çatdıqda o, inadkarlığını bildirdi. Təxminən bilirəm ki, ən vacib və ilboyu ekstremal şəraitlər yaşanan bir zastavaya təyinat alacağam. Bu mənim də ürəyimcədir. Vətən yolunda ən mürəkkəb şəraitlərə sinə gərsəm, ən çətin tapşırıqları yerinə yetirmək mənə tapşırılsa qəlbimdə rahatlıq taparam.
Osman vərəqi çəkib generala göstərdi. Abasquliyev vərəqdə yazılan zastavanın adını sanki oxumadı, birnəfəsə uddu. Onun sifət cizgilərindəki dəyişikliyi hiss etsələr də nə Osman, nə də dostları bir söz soruşmadı. General bir müddət vərəqə baxa-baxa qaldı.
Cənab general, mən hazıram
Hə Osmanın sözü axır ki, generalı fikrindən ayırdı. Sənə uğurlar olsun, oğlum. İydəli zastavası yenidir, əvvəllər həmin ərazilərin də keşiyini qonşu Qazmalar zastavası çəkirdi. Doğru fikirləşmisiniz, həmin ərazilər ilboyu ekstremal şəraitlərlə üzləşir, qışda boranı, çovğunu, yazda da şimşəyi, dolusu, leysanı əskik olmur. Orada ilk növbədə təbiətin şıltaqlığına sinə gərmək gərəkdir. İydəlidə bir keçid olmalıdır gərək ki, həmin keçiddən ancaq sərhədçilər istifadə edirlər. Qatar cəmisi beş-on saniyə dayanır. Qatarın həmin yerdən gecə keçdiyini nəzərə almaq, zastavaya xəbər göndərmək lazımdır ki, qarşılamağa gəlsinlər. Yoxsa, zastavanı gedib tapa bilməzsən.
-Hə, oğlum, deyəsən, yuxun gəlir, yaman fikrə getmisən. Savalan kişinin qəfildən dillənməsi Osmanı fikir-xəyal aləmindən ayırdı. Çayını iç, get yat.
Yaxşı. Osman soyumuş çayını birnəfəsə içib yatmaq üçün otağa yollandı.
Otaqda çarpayıdan, tumboçkadan başqa bir dənə də şkaf vardı yuxarı başda qoyulmuşdu. Universal şkafdı, paltar, əşya üçün nəzərdə tutulmuşdu, yoxsa kitab rəfiydi, bilinmirdi. Şkafın ortasında qoyulmuş güzgünün hər iki tərəfində nisbətən böyük ölçüdə götürülmüş şəkillər qoyulmuşdu. Osman həmin şəkillərin Savalan kişinin əcdadlarına məxsus olduğunu düşündü: Savalan kişi ata-anasının şəkillərini niyə öz otağında saxlamır ki? Bir də valideynlərin şəklini böyüdüb ramkaya saldırmırlarmı?
Məxsusi olaraq baxmaq istəməsə də ani olaraq nəzərini şəkillərə zilləyib çəkdi şəkillər cavan adamların şəkilləriydi, sağ tərəfdəki qız, sol tərəfdəki isə oğlan şəkiliydi. Axı Savalan kişi dedi ki, bu otaq onun nəvəsinin otağıdır. Hə, yəqin nəvəsi Babəklə onun arvadının şəkilləridir. Yox, yox, o ki, on birincini təzəcə qurtarıb, universitetə bu il qəbul olunub. Bu yaşda da adam evləndirərlər? Şəkillərə bir də diqqətlə baxdı, qız ona yaman tanış gəlirdi. Osman şəkildən ona boylanan qızı görmüşdü, amma harada görmüşdü, onu yadına sala bilmirdi. Heç paltarını da soyunmadan çarpayıya uzandı elə şəkillərə baxa-baxa yuxuya getdi. Savalan kişinin otağa girib işığı söndürməyindən də xəbəri olmadı.
Səhərin alatoranlığında yola çıxdı. Savalan kişi dediyi kimiydi, dağların qoynuna doğru bir cığır vardı, kəhər at ancaq cığırla irəliləyirdi, onu sürməyə ehtiyac yoxdu, özü gedirdi. Çətini Bıtarın yamacını çıxıncaydı, oradan o tərəfə yol dolayılanırdı, həm də zastava ovuc içi kimi görünürdü. Zastavaya Qazmalar stansiyası tərəfdən gələn şosse yolu ilə heç bir yerdə kəsişməyən cığır, görünür, çox yaxın məsafədən keçirmiş. Buranı piyada da gəlmək olardı gəlib çatandan sonra Osman belə düşündü. Ancaq piyada gəlməyə çamadanı və əşya çantası maneçilik törədəcəkdi.
Leytenant Osmanov zastavaya çatanda səhər bölgüsü aparılırdı. Nəzarət Buraxılış Məntəqəsinin (qısa olaraq NBM adlandırırlar) növbətçisi at belində gələn leytenantı görcək bildi ki, zastavaya gəlib, ya yoxlamadır, ya da xidmət yerinə təşrif buyurub. Odur ki, iti addımlarla yaxınlaşıb özünü təqdim etdi, heç imkan vermədi ki, leytenant atın belindən yerə düşsün.
Cənab leytenant! Nəzarət Buraxılış Məntəqəsinin növbətçisi çavuş İbrahimov.