Rəşid, nəhayət, yorulub stulda oturdu. Arvadının üzünə baxmadan dedi:
Paltarlarımı yığ, həmişəlik gedirəm. Sənin kimi əxlaqsız qadınla bir damın altında qala bilmərəm.
Zərifə mütiliklə ərinin paltarlarını yığmağa başladı. Heç nə soruşmadı, heç şey demədi. Nəhayət, işi sona çatdıranda Rəşid iri yol çantasını götürüb boğuq səslə:
Sənədlərini hazırla, məhkəmə yolu ilə ayrılacağıq, dedi. Sağollaşmadan qapını çırpıb getdi.
Zərifə onun arxasınca qapını qıfıllayıb otağa qayıtdı. Nə ağlamağa, nə də düşünməyə taqəti qalmamışdı. Elə paltarlı halda divanda uzandı. Onun üçün zaman, vaxt məfhumu öz mənasını itirmişdi.
Səhər yuxudan oyananda güzgüdə özünü görüb qorxdu. Üzü, bədəni başdan-başa göy ləkələrlə örtülmüşdü. Bunlar Rəşidin yumruqlarının izləri idi. Bu görünən yaralar onu ağrıtmırdı. Qəlbində daha böyük, daha dərin yaralar göynəyirdi. Bu görünməyən yaralar onu öldürürdü. Başını dəhşətli bir ağrı bürümüşdü. İlıq duşun altında bir xeyli dayandı. Qurulanıb üz-qözünü səliqəyə salmaq istədi. Lakin nə qədər çalışdısa da göyləri heç cür gizlədə bilmədi. Bu halda işə gedə bilməzdi. Yenidən divana uzandı. Gözlərini yumub dünənki hadisələri beynində saf-çürük etməyə başladı. Qəribə bu idi ki, Rəşidin gedişi onu zərrə qədər də ağrıtmamışdı.
Əslində o, Zərifənin həyatından çoxdan getmişdi. Asya onu çoxdan Zərifənin əlindən almışdı. Dünən ona əl qaldırmaqla, onu əxlaqsız adlandırmaqla isə o, Zərifə üçün həmişəlik ölmüşdü. Rəşid on beş ildə onun vəfasını, sədaqətini, fədakarlığını, məhəbbətini qiymətləndirməmişdi. Ani səhvindən isə tez xəbər tutmuşdu. Lakin Zərifəni ən çox heyrətləndirən Rəşidin qəribə soyuqqanlığı idi. O, Zərifədən heç nə soruşmadan, həqiqəti öyrənmədən. Aydının dediklərinin doğru olub-olmadığını yoxlamadan arvadını dəhşətli şəkildə cəzalandırmışdı. Onunla küçə qadını ilə edilən kimi rəftar etmişdi. İllərdən bəri ailəsinə xəyanət edən, bundan heç bir mənəvi əzab çəkməyən, ən yaxın adamını ağır iztirablara məniz qoyan bir adam onu xəyanətdə suçlamışdı.
Zərifə ürəyində bu vaxta qədər hiss etmədiyi qəribə bir yüngüllük duyurdu. O, buxovdan azad olmuşdu. Dünənki hadisəyə o, ürəyində minnətdar idi. Yoxsa rəsmən aynlmaq onlar üçün çətin olacaqdı. Dünənki hadisə isə hər şeyi həll etmişdi. Bir şey onun üçün aydın olmuşdu: o. Rəşidin yolunda böyük bir maneə idi. Bu maneəni yox etməyə Rəşid çoxdan fürsət axtarırdı. Sakit, mehriban, dərdkeş Zərifə buna imkan vermirdi. Kim bilir, bəlkə dünənki hadisə olmasaydı, onlar ömürlərini beləcə başa vuracaqdılar. Rəşid fikri-zikri Asyanın yanında olduğu halda, öz evində qonaq kimi dolanacaq. Zərifə isə qadın üçün ən böyük dərd olan sevilməmək cəzasını çəkə-çəkə günləri aylara, ayları illərə calaya-calaya yaşayacaqdı. Bir evdə iki yad fərəhsiz ömürlərini sürməyə məhkum ediləcəkdi.
Rəşidi anlamaq olardı, o, Zərifəni sevmirdi. Bəs Aydın? Bəs onu satqınlığa nə vadar etmişdi? Onu nə məcbur etmişdi ki, sevdiyi qadını belə insafsızcasına, rəhmsizcəsinə cəzalandırmışdı? Bu rəzilliyə səbəb nə idi? Zərifə nə qədər fikirləşir, baş sındırırdısa da Aydının hərəkətinin mənasını anlaya bilmirdi. Bir şey şübhəsiz idi ki, onun Zərifənin ürəyinə vurduğu yara heç zaman sağalmayacaq.
Dalbadal keçirdiyi sarsıntılar izsiz ötüşmədi. Zərifə yatağa düşdü. O, bir həftə yorğan-döşəkdən qalxa bilmədi. Bir həftə sonra, ağrıları keçib özünə gələndə güzgüyə baxıb gözlərinə inanmadı: əvvəlki Zərifədən yalnız bir cüt iri, qara göz qalmışdı. İki ən əziz adamını itirmək izsiz ötüşməmişdi. Bu itkilərdən hansı daha ağır idi? Əslində Rəşidi o, çoxdan itirmişdi, sadəcə olaraq bunu etiraf etməkdən qorxurdu.
Onları bir-birinə bağlayan tellər çoxdan nazilmişdi. Yalnız rəsmən ər-arvad idilər. Bəs Aydın? Zərifə üçün o, uzun illər boyu yaxın həmdəm, əziz dost, möhkəm sirdaş olmuşdu. Heç kəsə deyə bilmədiyi, hətta ən yaxın rəfiqəsi Səbinəyə belə etibar etmədiyi dərdlərini də Aydına deyirdi. Bu, elə-belə bağlılıq deyildi, sınaqlardan çıxmış, dərinləşmiş hiss idi. Bəs niyə Aydın birdən-birə belə dönük çıxmışdı? Onun bu xəyanəti kimə lazım gəlmişdi? Zərifə dərin təəssüf hissi ilə düşünürdü ki, onun çoxdan bəri qorxa-qorxa gözlədiyi xəyanət əslində bu idi: Aydının ona xəyanəti.
* * *
Bir həftədən sonra işə çıxanda klinikada eşitdiyi ilk xəbər Aydının işdən çıxması oldu. Onu şəhərin mərkəzində açılmış yeni klinikaya baş həkimin müavini vəzifəsinə aparmışdılar. Üç ay idi ki, kollektivdə bu barədə söhbət gedirdi. Amma bircə Zərifə bilirdi ki, Aydın ona görə iş yerini dəyişmək istəmir. İndi Aydının getməsi xəbərini eşidəndə ürəyinə həzin bir kədər çökdü.
Kabinetini açıb içəri girdi. Xalatını geyinəndə cibində məktub gördü. Aydının xətti idi! Zərifə onu açıb oxumağa başladı:
Salam, Zərif! Mənim gözəl, incə, həm də dərdli, peşiman Zərifim! Ömrümün mənası, bəlalı məhəbbətim, əzablarımın səbəbkarı! Bu məktubu yazmaqda məqsədim nə səndən üzr istəmək, nə təvəqqe etmək, nə də bağışlanmağımı xahiş etməkdir. Bilirəm ki, məni heç vaxt bağışlamayacaqsan, günahlarımdan keçməyəcəksən. Sənin ürəyinə mənim qədər kim bələddir? Necə alçaq hərəkət etdiyimi də yaxşı bilirəm. O gün mənə nə olmuşdu? Niyə o vəziy-yətə düşmüşdüm? İllərlə həsrətinlə yanan, sənə pərəstiş edən, sitayiş edən, bircə dəfə əllərini əllərinə toxundurmaq üçün həyatını qurban verməyə hazır olan Aydın niyə vəhşiləşmişdi? Əzizim, bilirəm ki, bu suallar sənə rahatlıq vermir. Bilirəm ki, sənin həyatını alt-üst etmişəm. Onsuz da şirin olmayan taleyinə zəhər qatmışam. Ancaq istəyirəm ki, məni düzgün başa düşəsən. Hərəkətlərimin mənasını olduğu kimi anlayasan.
Hər şey necə də gözəl idi. Sən gəldin. Mənim üçün dünyada bundan böyük səadət ola bilməzdi. Bu görüşü necə gözlədiyimi, onun mənə nələrin bahasına başa gəldiyini yaxşı bilirsən. Pilləkənlərdə sənin addımlarının səsini eşidəndə az qaldı ürəyim dayana. Ömrüm boyu heç vaxt heç bir qadını sənin qədər arzulamamışam. Mənim üçün qadın, gözəl və ağıllı qadın, sevdiyim qadın bircə sən olmusan. Bu məhəbbət məni uşaqlaşdırıb, ürəyimdə nəcib, incə hisslər doğurub. Sənin ailədə xoşbəxt olmadığını, Rəşidin Asya ilə yaşadığını çoxdan bilirdim. Əzablarımı artıran da o idi ki, mənim göylərdən uca sandığım, mələklər mələyi hesab etdiyim bir qadın məhəbbətsiz yaşayır. Rəşidlə xoşbəxt olsaydın, bəlkə də sənə bu qədər möhkəm bağlanmazdım. Özün mənə heç nə deməsən də, Rəşiddən söhbət açmasan da, taleyindən şikayətlənməsən də hər şeyi başa düşürdüm. Sənə kömək etmək, dərdlərinə şərik olmaq istəyirdim. Sən heç vaxt Rəşidi pisləmirdin, həmişə onun haqqında xoş sözlər danışırdın, çox şeyi də uydururdun. Ürəyin ayrı şeylər pıçıldayırdı, dilin isə tamam başqa sözlər deyirdi. Nəhayət, fikirləşdim ki, sənə bu qədər əzab verən həyat yoldaşını sənin gözündən salım, onun nə cür adam olduğunu sənə tanıdım. Asyanın evinin yerini də sənə o məqsədlə nişan vermişdim. O vaxt nələr keçirdiyin, nə hallara düşdüyün indi də yadımdadır. Kaş sənə heç nə deməyəydim. Mənə elə gəlirdi ki, Rəşid barədə həqiqəti biləndən sonra ona olan məhəbbətin soyuyacaq, ondan üzün dönəcək.