Belə de
Özü də bunları sən məndən də yaxşı bilirsən.
Zərifə cavab vermədi. Baxışlarını ondan yayındırmağa çalışdı. Amma Aydın onun baxışlarını tutdu:
Niyə dinmirsən?
Dəyişməmisən, Aydın. Adamlar var ki, yaşa dolduqca başqalaşırlar, xasiyyətləri dəyişir, amma sən necə idinsə, eləcə də qalmısan, Zərifə söhbətin ciddi məzmun almasını istəmədi, həmişəki kimi sözlərinə zarafat donu geydirməyə çalışdı.
Səhv edirsən, mən çox dəyişmişəm. Bircə sənə olan münasibətim dəyişməyib. Bunun da səbəbi sənsən. Həmişəki kimi gözəlsən. Zərif. Gündən-günə daha da gözəlləşirsən. İllər səndən yan ötür. Onlar sənə qıymaq istəmirlər. Vaxt ötdükcə sənə daha çox bağlanıram. Sən olmasan, yaşaya bilmərəm.
O, bunlan birnəfəsə dedi. Zəri fənin təəccüb qarışıq diqqətlə onu dinlədiyini görəndə cürətlənib sözünə davam etdi:
Bilirsən bazar günlərindən necə acığım gəlir? Bütün günü bazar ertəsini səbrsizliklə gözləyirəm. Elə hey səni düşünürəm. Fikirləşirəm ki, səhər açılacaq, sən indicə qapını açıb içəri girəcəksən, ordan-burdan söhbət edəcəksən. Mən isə sakitcə sənə qulaq asacağam, eləcə heyranlıqla səsindəki musiqini dinləyəcəyəm. Sən hərdən inciyib deyəcəksən: Fikrin hardadır, axı söz danışıram. Mən isə Danış, qulaq asıram, deyəcəyəm. Xeyr, daha danışan deyiləm, deyib acıqla otaqdan çıxacaqsan, səninlə iki-üç kəlmə artıq danışa bilmədiyim üçün özümə acığım tutacaq. Bilirsənmi, Zərif, səni hamıya, hətta xəstələrinə də qısqanıram. Hərdən onlardan birinin yerində olmağı elə arzulayıram
Aydın bunlan birnəfəsə, sözünün kəsiləcəyindən qorxa- qorxa dedi. Elə bil Zəri fənin ona qulaq asmayacağından, dediklərini ciddi qəbul etməyəcəyindən ehtiyat edirdi.
Zərifə onun xətrinə dəyməmək üçün nəzakətlə dedi:
Danışma, Aydın, bizə belə sözlər danışmaq yaraşmaz. Nə uşağıq, nə də cavan. İkimiz də ailəli, yaşlı adamlarıq. Hisslərlə oynayan vaxtımız deyil.
Ancaq Aydın onu eşitmirdi. O, öz aləmində idi.
Rəşid xoşbəxt adamdır. Sənin kimi qadınla ömür sürmək doğrudan da xoşbəxtlikdir. Mən ona həmişə həsəd aparmışam.
Zərifə Aydının sarışın qıvrım saçlarına, dümdüz burnuna, yaşıla çalan iri gözlərinə diqqətlə baxır, düşünürdü ki, bu adam ona necə də doğmadır, bütün doğmalarından, əzizlərindən daha yaxındır. Onun təlatümlü ürəyindən, orada fırtına qoparan hisslərindən, coşub-daşan duyğularından Aydın qədər heç kəs xəbərdar ola bilməz. Yadına tələbəlik illəri düşdü. Ondan bir neçə kurs yuxarı oxuyan Aydının məhəbbətindən fakültədə hamının, elə Zərifənin özünün də xəbəri olsa da, o, cəsarət tapıb bu barədə Zərifəyə bircə kəlmə də deməmişdi. Onu hər yerdə addımbaaddım izləyən Aydının yaxınlaşıb ona söz deməyə, ürəyini açmağa iqtidarı çatmadı. Zərifə nişanlanandan sonra bir daha onu görmədi. İnstitutu bitirən Zərifə beş il heç yerdə işləmədi. Əvvəl münasib iş tapa bilmədi, sonra isə ailəyə, uşaqlara başı qarışdı.
O, yalnız beş ildən sonra, uşaqlarını bağçaya qoyub, ürəkdən sevdiyi həkimlik peşəsinə qovuşmaq üçün səylərə başladı. Nəhayət, axtarışları nəticə verdi. Zərifə heç özünün də gözləmədiyi halda şəhər mərkəzi klinikasına terapevt vəzifəsinə işə düzəldi.
Uzun illərdən bəri həsrətində olduğu ilk iş günü, sən demə, ona sürprizini hazırlayıbmış. Baş həkim ona işləyəcəyi şöbəni göstərəndən sonra şöbə müdirini təqdim edib:
Tanış ol, bu Aydın Ömərovdur, deyəndə Zərifə heyrətindən yerindəcə donub qaldı. Aydın isə özünü itirib əlindəki fincanı yerə saldı, fincan qırıq-qırıq oldu. Onların lal-dinməz dayanıb bir-birlərini süzdüyünü görən baş həkim qəribə tərzdə soruşdu:
Siz tanışsınız?
Aydın tez özünü ələ alıb sevinclə:
Biz tələbə yoldaşıyıq, dedi.
Baş həkim Zərifəyə işində uğurlar arzulayıb gedəndən sonra Aydın bir xeyli vaxt danışmağa söz tapmadı. Nəhayət, aralarındakı buzlu sükutu əritmək istədi. Amma demək istədiklərinin əvəzinə dilindən tamam ayn sözlər çıxdı:
Mən səni unutmamışam, Zərif.
Bu sözlə o, ürəyindəkilərin hamısını açıb dedi. Bunu gözləməyən Zərif, özünü itirib nə deyəcəyini bilmədi. Nəhayət, dilləndi:
Mən ərdəyəm, Aydın, iki oğlum var.
Bilirəm.
Sən necə, evlənmisənmi?
Bir oğlum, bir qızım var.
Çox şadam.
Aydın ona uzun, nüfüzedici nəzərlərlə baxdı. Elə baxdı ki, Zərifənin bədənindən üşütmə keçdi. Sonra Aydın kədərlə soruşdu:
Xoşbəxtsənmi, Zərif?
Belə sual gözləməyən Zərifə özünü itirdi:
Hə, xoşbəxtəm.
Yanılmırsan ki? Sualın qoyuluşu Zərifənin xoşuna gəlmədi:
Sən mənim xoşbəxtliyimi istəmirsən? deyə suala sualla cavab verdi.
Əlbəttə istəyirəm. Aydın bu sözləri könülsüz dedi. Səsinin ahəngindəki qeyri-səmimiliyi özü də, Zərifə də başa düşdü.
Tələbəlik illərində bircə dəfə də olsun kəlmə kəsməmiş iki köhnə tanış o gün xeyli söhbətləşdi. Sonra Aydın təzə həkimi şöbənin kollektivinə təqdim etdi. O gündən onların böyük dostluğunun təməli qoyuldu.
Aydın həssas, qayğıkeş və üzügiilər adam idi. Savadlı olduğu qədər də sadə idi, bu cəhəti ona xəstəxana kollektivi arasında böyük hörmət qazandırmışdı. Ailəsinə, uşaqlarına qarşı diqqətcil olduğunu Zərifə ilk gündən hiss etmişdi. Zərifəye münasibəti isə heç nə ilə müqayisə oluna bilməzdi. Onun ən kiçik arzusunu, ən böyük xahişini belə elə sevinclə yerə yetirirdi ki, elə bil həyatının mənası bunları yerinə yetirməkdən ibarət idi. Onun üçün bayramlar ona görə əhəmiyyətli idi ki, həmin bayramlarda o, Zərifəni təbrik edəcəkdi, işə hamıdan tez gəlib aldığı çiçək dəstəsini xəlvətcə Zərifənin stolunun üstünə qoyacaqdı. Aydının təsəvvüründə dünyada Zərifədən gözəl, ondan ağıllı, ondan sevimli ikinci qadın yox idi. Zərifə ilə bağlı hər xırda şeyin, hər əhəmiyyətsiz hadisənin Aydın üçün böyük əhəmiyyəti var idi.
Birgə yaşadıqları illər ərzində Rəşiddən heç vaxt diqqət və qayğı görməyən Zərifə bəzən özünün dilə gətirməyə belə qorxduğu fikirlərini Aydının necə asanlıqla dilə gətirdiyini görəndə heyrətə gəlirdi. Onun qeyri-adi həssaslığı qarşısında mat qalırdı. Çətin anlarda, gözlənilməz məqamlarda Aydın elə təsəlli verə bilirdi!
Onlar özləri də bilmədən bir-birinə öyrəşmişdilər. Bu, elə-belə, ötəri bağlılıq deyildi. Hər ikisini birləşdirən bağlar möhkəm və davamlı idi. Aydın Zərifəni qul sədaqəti ilə, qəribə bir inadla, hətta çılğınlıqla sevirdi. Zərifə üçün isə o, ürək dostuna, qəlb sirdaşına çevrilmişdi.
Birdən ötən gecədəki kimi sonsuz kədər yenidən Zərifəni bürüdü. Həmin bədbin əhval-ruhiyyə yenidən varlığına sarıldı. Elə bil havası çatışmadı, nəfəsi daraldı, oturduğu yerdən qalxıb narahatlıqla otaqda gəzişməyə başladı. Yenidən masanın arxasına keçib başını əlləri arasına aldı. Onun bu halı Ay-dının nəzərindən yayınmadı.