Uşaqların danışığından kapitan Seyfullayev təxmini də olsa mağaranın yerini müəyyənləşdirdi.
Mağaranın yanına hamılıqla getməyimiz məsləhət deyil. Leytenant Osmanov öz fikrini bildirdi. Yaxşı olar ki, siz burada qalıb müşahidə aparasınız. Əsgərlərdən birini çıxardın, ağacdan müşahidə aparsın ki, bizim də hərəkətimizi izləyə biləsiniz. Mən çavuş İbrahimovla mağaranın dəqiq yerini müəyyənləşdirməyə yollanıram. Sonra qayıdıb gələrəm, bir plan cızarıq.
Kapitan Seyfullayev razılaşdı. Əsgərlərdən birini müşahidə üçün ağaca çıxartdıqdan sonra yarpaqları daha sıx olan qoca ulas ağacının kölgəsində göy otun üstünə döşəndilər.
Leytenant Osmanovla çavuş İbrahimov isə ardınca uşaqların göstərdiyi istiqamətə yollandılar. Onlar gəlib qəflətən düz mağaranın üstünə çıxdılar. Geri qayıtmaq, gizlənmək mümkün olmadı, mağaranın ağzında oturmuş yekəpər biri ilə üz-üzə qaldılar. Yekəpər onlarla rastlaşacağını yəqin eləməsə də hər hansı təhlükəyə qarşı hazırlıqlı vəziyyətdəydi. Sərhədçilərə silahlarını qaldırmağa aman vermədən əlindəki dəyənəyi leytenantın başına endirdi. Osmanov bunu gözləmədiyindən avtomatı buraxıb əlbəyaxa döyüşün qaydalarına uyğun əlləri ilə dəyənəyi tutub qaytarmağa cəhd etdi. Ancaq iş-işdən keçmişdi, dəyənək leytenantın başına dəyib onu yerə yıxdı. Leytenantın yerə yıxıldığını görən yekəpər qaçmağa üz tutdu. Hadisə o qədər ani oldu ki, çavuş İbrahimov özünü itirdi, bilmədi yekəpərin arxasınca getsin, yoxsa nə etsin.
Cənab leytenant, sizə nə oldu? Yaxınlaşıb leytenantı ayağa qaldırmağa çalışdı.
Leytenant Osmanov gözlərini açıb bir də yumdu, dünya-aləm onun başına fırlandı. Ani olaraq fikirlərini cəmləşdirib gözlərini açdı və ayağa qalxdı. Dəyənək başına dəyməyinə dəymişdi, ancaq xoşbəxtlikdən əlləri ilə zərbənin qarşısını ala bilmişdi.
Hansı tərəfə qaçdı?
Bu tərəfə. Çavuş İbrahimov əli ilə yekəpərin qaçdığı səmti göstərdi.
Çavuş, yekəpərin dalınca! Leytenant Osmanov komanda verdi. Çox da uzağa gedə bilməz. Gördünsə xəbərdarlıq atəşi aç. Harda olsa tutacağıq.
Cənab leytenant, bəlkə qayıdıb kapitan Seyfullayevə məlumat verək?
İndi qayıtmaq vaxtı deyil. Yekəpər aradan çıxa bilər. Biz mütləq onu yaxalamalıyıq.
Çavuş İbrahimov yekəpərin qaçdığı istiqamətdə yerindən götürüldü. Leytenant Osmanov da özünü cəmləşdirib həmin istiqamətdə yol aldı.
Ağacın başından ətrafı müşahidə edən sərhədçi əsgər sıldırımlı qayalığın ətəyi ilə bir nəfərin qaçdığını görüb kapitan Seyfullayevə xəbər verdi.
Boz böyük daşın aşağısından bir nəfər meşəyə tərəf qaçır.
İrəli! deyə kapitan Seyfullayev komanda verdi və özü qabağa düşüb müşahidəçi əsgərin göstərdiyi istiqamətdə qaçmağa başladı. Onlar sıldırımlı qayalığın sonuna gəlib çatanda leytenant Osmanovla yekəpər əlbəyaxa döyüşürdülər. Bu an leytenant Osmanov yekəpəri fırlayıb necə fəndə saldısa o, tirtap yerə yıxıldı və qalxmadı.
Birdən ölüb eliyər ha Xüsusi şöbənin zabiti təngənəfəs olsa da zarafatından qalmadı. Zalım oğlu elə yıxıldı ki, elə bil yüz illik palıd kötüyü yıxıldı.
Narahat olmayın. Leytenant əlinin dalı ilə alnını tərini silib tövşüyyə-tövşüyyə dilləndi. İt ölər, parax ölməz, deyiblər. Şər işlərlə məşğul olanların hamısı it canlıdır. Zalım oğlu elə bil palıd kötüyüdür, yerə kök atıb.
Xəbərləri özlərindən tez çatmışdı zastavaya. Başda mayor Bədəlov olmaqla hamı əməliyyatda iştirak edən sərhədçiləri gözləyirdi. Təzə gəlmiş leytenantın qəhrəmanlığı da öz yerində. Əsgərlər bir-birinə onun fəndlərindən bəhs edirdilər. Çavuş İbrahimov az qala özünü təzə gəlmiş leytenantın dostu yaxın qohumu kimi aparırdı.
Çevik sərhədçi manqasından ayrılmış üç nəfərin müşaiyəti ilə xüsusi şöbənin zabiti kapitan Seyfullayev Kor Miseyibi sərhəd dəstəsinin qərargahına apardı. Hərtərəfli araşdırma aparmaq üçün mağarada gizlədilmiş qara torbanı da özləri ilə götürdülər. Onlar gedəndən sonra mayor Bədəlov zastavanın şəxsi heyətini cərgəyə düzüb təzə gəlmiş leytenantı onlara təqdim etdi.
Düzlən! Farağat! deyə komanda verdi. Sərhəd Qoşunları Komandanının əmri ilə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsinin təşkili məqsədilə xidmət keçmək üçün leytenant Osmanov bizim zastavaya göndərilib və zastava rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsinə təyin olunub. O, elə ilk gəlişi ilə öz şücaətini və bacarığını göstərdi. Onu sizə təqdim edirəm. Zastavada xidmət keçən bütün gizir, çavuş və əsgər heyətinin ona tabe olmasını, əmr və göstərişlərini sözsüz yerinə yetirməsini nəzərinizə çatdırıram. Eyni zamanda cinayətkarın yaxalanmasında göstərdiyi şücaətə görə təşəkkür elan edirəm.
Azərbaycan Respublikasına xidmət edirəm! Leytenant Osmanov sağ əlini gicgahına dayayaraq hərbi salam verdi.
Azad! Bundan sonra mayor Bədəlov komanda verdi. İndi sərbəstsiniz, dağılışın.
Əsgər və çavuşlar cərgələrdən çıxıb dağılışaraq xidmət yerlərinə yollandılar.
Siz isə gedin, istirahət edin. Nəyə ehtiyacınız olarsa baş leytenant Əzimovdan soruşun, çəkinməyin. Axşam yeməyinə də gecikməyin. Aşbaza tapşırmışam, sənin masana iki nəfərin payını qoyacaq. Sən axı səhərdən bir şey yeməmisən.
Oldu!
Leytenant Osmanov indi hiss etdi ki, başında şiddətli ağrılar var. Əvvəlcə tibb məntəqəsinə yollandı. Orada başına buz qoydurub yarım saatadək uzandı. Sonra ona ayrılmış xidməti otağına gəldi. Səliqə-sahman yaradıb uzandı.
Səhər tezdən onu yuxudan qapının tıqqıltısı oyatdı.
Cənab leytenant! Qapının arxasından çaparın gur səsi eşidildi. Sizi mayor Bədəlov çağırır.
Tez yataqdan qalxıb paltarını geyindi. Otaqdan çıxıb iti addımlarla mayor Bədəlovun dəftərxanasına yollandı.
Cənab mayor!
Gəlişi haqqında məlumat vermək istəyəndə mayor Bədəlov onu saxladı.
Osmanov! Kənd məktəbində sərhədçilərlə bağlı tədbir təşkil ediblər.
Bu çox yaxşı işdir, cənab mayor. Dünən bu barədə mən sizə təklif vermək istədim, ancaq fikirləşdim ki, birdən yersiz olar. Siz illərlə qazandığınız təcrübəyə uyğun nə etmək lazım olduğunu məndən də yaxşı bilirsiniz. Leytenant bir az fasilə verib sonra sözünə davam etdi. Tədbirdə çıxış edib Habillə Cümşüdü sərhədçilərin dostu elan etmək lazımdır. Qoy onlar bundan sonra sərhədçiləri görəndə qorxub qaçmasınlar. Ərazidə rastlarına çıxan bütün şübhələr barədə dərhal sərhədçilərə məlumat versinlər.
Bax, bunları gedib məktəbdə, toplantıda söyləyərsən.
Cənab mayor, mən təzə gəlmişəm. hələ ki, zastavanı, qoruduğumuz ərazini düz-əməlli tanımıram. Bəlkə görüşə baş leytenant Əzimovu göndərəsiniz.
Mən də istərdim baş leytenant Əzimovu göndərəm. Ancaq icra nümayəndəsi zəng edib müəllim və şagirdlərin səni görmək istədiklərini bildirdi. Çavuş İbrahimova tapşırmışam, özü ilə iki nəfər nümunəvi xidmət keçən əsgər götürəcək. Səhər yeməyindən sonra yola düşərsiniz. Mayor Bədəlov bunu deyib sürmədən iki ədəd döş nişanı çıxartdı və onları leytenanta uzatdı. Al, bunlar sərhədçinin dostu döş nişanıdır, Habillə Cümşüdün yaxasına taxarsan.
Cənab mayor, o nişandan varsa, birini də verin.
Üçüncü nişanı neyləyəcəksiniz?
Bəlkə məktəbdə, ya kənddə elə bir fəal tapıldı ki, onun da yaxasına nişan taxası olduq.
Yaxşı, qoy olsun. Mayor Bədəlov siyirmədən daha bir döş nişanı çıxardıb leytenanta verdi.
Kənd çox da uzaqda deyildi zastavanın iki kilometrliyində yerləşirdi. Leytenant Osmanov sərhədçi əsgərlərlə məktəbə çatanda saat doqquzu keçmişdi. Növbətçi müəllim onları qarşılayıb müəllimlər otağına apardı otaq çatışmadığından məktəb direktoru da müəllimlər otağında otururdu. Direktor və müəllimlər sərhədçilərin gəlişinə çox sevindilər, ayağa qalxıb onlarla çox mehriban, lap doğmaları kimi görüşdülər. Leytenant Osmanov burada heç kimi tanımasa da, bir doğmasını axtarırmış kimi diqqətlə hamını nəzərdən keçirdi. Direktor oturduğu masadan bəridəki masanın arxasında əyləşən qarayanız suyuşirin qız ona yaman xoş gəldi, harada, nə vaxt gördüyünü, yaxud qarşılaşdığını xatırlamağa çalışdı. Deyəsən, müəllimə qız da ona altdan-altdan göz qoyurdu. Bu nədir, yoxsa mən vuruluram, aşiq oluram? deyə leytenant tez də nəzərlərini həmin müəllimə qızdan yayındırmağa çalışdı.