Güllə səsİ
Bu gedişin zamanın qəmi var, ağrısı var,
içində naləsi var, dərdi var, yanğısı var.
Körpələr boylanır təpə qəbirdən,
körpələr boylanır qəbir qucaqdan,
körpələr boylanır qan quyusundan.
Bir körpə anasın axtarır hələ
açılan güllənin alovlarında.
Bir gözdə analar güllələndilər,
bir gözdə ataya uçdu güllələr.
Güllələr körpənin son oyuncağı,
güllələr körpənin son dayanacağı.
Körpənin o torpaq tər sinəsində
sevdiyi qırmızı lalə böyüyür,
üstündə bir qara güllə yarası.
Günahsız körpələr, məsum körpələr,
körpə çağlarını yaşamadılar,
körpə adlarını daşımadılar.
Yarımçıq qoyulan ömür payıyla,
üzündə o donmuş qorxunc halıyla,
bir körpə dolaşır, bir körpə gəzir
Qanlı Xocalının gecələrində,
Kərkükün, Mosulun
Hələb, Kabulun,
köhnə Varşavanın,
Osvensimin,
Xatının,
Bağdad, Dəməşqin,
Qarabağın
sevincsiz,
uşaqsız
küçələrində.
Ötür, illər ötür, zaman dəyişir,
səndə də, məndə də güman dəyişir.
Bu qara dünyada, yalan dünyada
kor fələk dolanan məkan dəyişir,
əldən ələ keçən sükan dəyişir,
naqisin xisləti dəyişmir ancaq.
Təmiz bildiyimiz o boz səmadan
hələ də o qorxunc mərmilər yağır
körpə evlərinə, xəstəxanaya.
Güllə səsi gəlir yerin altından.
Güllə səsi gəlir oyuncaqlardan.
04.02.2017Tərəddüd
Gecənin bu sakit, hüznlü vaxtı,
ürəklə qapımı kim olar döyən?
Doğmamı, özgəmi bu qəfil gələn?
Kimlərin yadına düşmüşəm görən?
Bu əski qapılı, əski qıfıllı
bu kasıb komamı kimdi tanıyan,
kimdi gecə vaxtı məni arayan?
Adamın ağlına min güman gəlir,
başımda min xəyal dolaşır, gəzir.
Çoxdan unutmuşam qonaq-qaranı,
Tanrımı göndərib gələn qonağı?
Qaranlıq gecəyə ay doğan kimi,
qapının ağzında gecə qonağı.
Bir əlim dəstəkdə, biri cəftədə.
Açım, ya açmayım?
Bilmirəm hələ
18.02.2018O əllər
Hər səhər, hər axşam o pəncərədən
məni yola salan, mənə əl edən,
arxamca su atan, «yaxşı yol» deyən,
o əllər çağırsam gələrmi yenə?
Üzümün sığalı itib nə vaxtdı,
saçımın tumarı itib nə vaxtdı,
köksümdə min qubar bitib nə vaxtdı
O əllər çağırsam gələrmi yenə?
Zamanın nə fərqi, günün nə fərqi,
sevinci apardı, vər saldı dərdi,
gedişi könlümə bir kölgə sərdi.
O əllər çağırsam gələrmi yenə?
Əlimə əl dəyər, üzə qan gələr,
dil açıb danışar, cana can gələr,
məni yuxulardan oyadan gələr.
O əllər çağırsam gələrmi yenə?
Ömrümü bəzərmi, bəzərmi yenə?
Sevgİ nəğməsİ
Sənin çətirini alan küləyin,
öpüşü qonacaq yanaqlarına.
Enəcək, enəcək bir az aşağı
o solan, göyərən dodaqlarına.
Bu yerin, bu göyün heç bilmədiyi,
ayın duymadığı, eşitmədiyi,
bir sevgi nəğməsi oxuyacağam
qara buludların qulaqlarına.
Daha bu əllərim çətirdi sənə,
o mil-mil barmağım pərdələnibdi.
Mənim baxışlarım şimşəkdən iti,
bulud pərən-pərən səpələnibdi.
Çırpdım küləkləri boz qayalara,
söndür, söndür məni, alışacağam.
Mənim coşan sinəm yelkən kimidi,
dəniz dodağından yapışacağam.
Qayıt
Öpüb həsrət çəkən baxışlarından
yenə hansı xəyal apardı səni?
Daha bu dənizin sahili bomboş,
yoxsa qağayılar qopardı səni?
Bu nə qəm-qüssədi, bu nə kədərdi,
bu dərdin içində necə bitmisən?
İndi haralarda axtarım səni?
Sən özün-özündən çıxıb getmisən.
Bu günlər düz on il qocaltdı səni.
Sınıq ürəyimdən qayıt yerinə.
Sənin hər gününə bir ad qoyardıq,
indi nə ad qoyaq bu on ilinə?
Səni apardığım səma yolunu
simşək cadar-cadar doğrayıb, töküb.
Əllərim göylərdən üzülüb tamam,
ruhumun üstünə qaranlıq çöküb.
Bu günlər düz on il qocaltdı səni.
Sınıq ürəyimdən qayıt sən geri.
14.09.2014Qəmlİ baxışlar
Necə silim şəkildəki göz yaşın?
Çarpaz qollar boğur məni şəkildə.
Çıxart məni köynəyinin içindən
enib qalxır ürəyintək şəkil də.
İndi hara baş götürüb yol gedir
«gəl-gəl» deyib, söz söyləyən baxışlar?
Göndər mənə, göndər doğma dərdləri
qucaqlaşıb öpüşsünlər tanışlar.
Üz-gözündə son illərin naxışı,
sevincimi qəmlər boğur haçandı.
Ha bağrıma basıb, basıb, hey öpdüm,
dərd sönmədi təzə dərdlər oyandı.
Danış şəkil, danış gözlər, danış, din.
Kim deyir ki illər bizi itirməz?
Baxma, mənim sən arxamca beləcə,
şəkil məni bir də geri gətirməz.
25.06.2015İçİmdə sən boyda sən gəzdİrİrəm
Qəlbinə özündən ağır yükləri
illərdi yığırsan, daha sığışmır.
Sənin ürəyini oxuyan kəsin
elə bilirsən ki qəlbi alışmır?
Sevincin sevincim, kədərin kədər,
sənsizlik çəkdiyim dərdlərdən betər.
Özün yüklədiyin o yüklər qədər,
içimdə sən boyda sən gəzdirirəm.
Dərd də dərd gətirir özündən böyük,
baxışım min kərə gözümdən böyük.
Alnımın yazısı üzümdən böyük,
içimdə bir qoşa mən gəzdirirəm.
10.12.2013Qapın döyülə
Gecənin birində qapın döyülə
baxıb görəsən,
qapının ağzında ağappaq adam.
Bir göz baxır sənə oyuq içində,
gələn dərd içində, soyuq içində.
Uzaqlardan gələn yorğun adamın
adı hecalana titrək səsində.
Sənə tanış gələn sönük gülüşü,
o nəm gözlərində ilişib qala,
səni xəyallardan xəyala sala.
Əvvəlki utancaq baxışlarıyla
səpə üst-başına ötən illəri,
oyada yuxulu xatirələri,
titrəyə içinin alt pərdələri
Buna ürək dözər,
buna can dözər?
Bu təklik içində, sükut içində,
dərdlər öz-özündən alışan ola,
dərdlər bir-biriylə barışan ola.
Kösövü qaralmış, külü ağarmış
həsrətlər içində sənə yol alan,