Mən səni köksümə sıxardım ki, bəs,
külək tellərini daraqlamasın,
yanımda o səni qucaqlamasın.
İndisə küləkdən yan qaçıram ki,
ötən günlərimi varaqlamasın,
çatıb məndən səni soraqlamasın.
Meşə həmin meşə, çəmən o çəmən.
Yenə yavaş-yavaş əsəcək külək.
Atılan püşklərin o tərs üzütək,
indi zamanımı günahkar bilək?!
O ay da gizlənib, yağacaq yağış.
Ağac görən kimə çətirin salmış?
Hardan yağdırıldı üstünə qarğış?
Sən harda qalmısan, a tənha qalmış?!
O axşam qaranlıq ayırdı bizi.
Qaranlıq gecədə işığa düşmüş
gözlərtək görmədik bir-birimizi.
Sən ayrı, mən ayrı, bu tək dünyada.
Harada qalmısan, indi harada?
1982Sükutlu gecə
Göy üzü aram-aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud ayı aparır.
Yuxumu itirmişəm
bu darıxan gecədə.
Əlin qoynuna qoyub
mürgü vurur küçə də.
Bu sükutlu gecədə
o sevdiyin mahnını
sənin təki oxudum
əyilib ürəyimə.
Şam tut gecəmə
Gecəmin halsız vaxtına
özünü tez yetir, mələk.
Qanadını sər üstümə
sən ruh kəpənəkləritək.
Aç evimin pəncərəsin
gecə baxışlar qaralır.
Gecənin qəmini çıxart,
gecə ömürlər daralır.
Səsi alınmış gecənin
içində sənsiz bitərəm.
Gözünü şam tut gecəmə,
gecədə azıb itərəm.
Sükutun səsİ
Səni göymü apardı
sevmədiyin bu yerdən?
Daha işığın gəlmir
qaranlıq gecələrdən.
Gecələr tam qaranlıq,
gündüz sükut içində.
Uçub, gedib səsin də
durnaların köçündə.
Boğur yeri qaranlıq,
boğur sükutun səsi.
Boğur səni içində
ayrılığın nəfəsi.
Göz yaşı
Səsində sözlər üşüyür,
baxışında baxışlar.
Axır, ovcuma axır
gözlərindən yağışlar.
Bu sükutun içində
döyür məni hıçqırıq,
Cüt dodaqlar qapalı,
hardan gəlir qışqırıq?
Əlimdə əl danışır,
gözlərində baxışlar.
Əyil bir ocvuma bax.
Barmağımız boğulur,
damcı-damcı yağışlar.
Narahat ruhlar
Böyük alim Rafiq Əliyevə
Kimsəsiz evlərin eyvanlarından
kədərli, narahat ruhlar boylanır.
Baxışlar kiminin tək üst-başına,
mənim ətrafımı baxıb, yoxlayır.
Küçələr, səkilər buraxmır məni,
hər yerdə cüt, qoşa addım izləri.
Addım izlərində maqnit gücü var,
tutub ayağımdan saxlayır məni,
bağlayır özünə, bağlayır məni,
öldürüb, basdırıb, ağlayır məni
Bu yolda, bu yerdə qəbirlər artır,
təsəlli söylənir, səbirlər artır
Bu gecə özümü harda basdırım?
İçimdə özümə qəbir yerim yox,
bu gecə dözüm yox, səbir yerim yox.
Döşəmə daşları qəbirdi, Allah.
Yanaşı uzanan, yanaşı yatan,
tanımır bir-birin, nə sirdi, Allah?
Bu bİr tale havası
Ömrümüzə anbaan
gün çıxır,
külək əsir,
yağış yağır,
qar yağır.
İçimizdə həm sevinc,
həm də bir ayrılıq var.
Əlimizə gələnlər,
əllərdə qalmır daha.
Satılan ucuz olur,
alınan min qat baha.
Dərd durub özü gəlir
üstümə aram-aram.
Deyir: «Səninlə varam,
mən səni unutmaram».
Ömrümüzə anbaan
gün çıxır,
külək əsir,
yağış yağır,
qar yağır.
Qar yağır ağır, ağır.
Bu bir tale havası.
Son səs
Alman faşistləri tərəfindən bombardman edilən bir binanın zirzəmisində həlak olan həyat yoldaşının
cəsədi önündə çarəsiz qalan yaşlı kişinin düşüncələri
Polşa, 1944-cü il.
Bu ikilik bir ömrün
tükənən nəfəsidi.
Müharibədə məhv olan
taleyin son səsidi.
Sən əbədi susursan,
əlim-qolum quruyur.
Ağlaya da bilmirəm,
məni səndən alarlar,
bayırda düşmən durur.
İçimdən hey səs gəlir:
«Bu yerdə səsini ud».
Qaranlıq zirzəmidə,
bu qorxular içində
ulayır qara sükut.
Hər şey uçdu, hər şey boş,
sən yoxsan, evimiz yox,
sən yoxsan, həyatım bomboş.
Qucağım yuyat yerin,
yuyur səni göz yaşım,
ay ömürlük sirdaşım.
Son mənzilimiz üçün
məzarı qazdırıram
Mən səni öz yerində
qəlbimdə basdırıram.
Son pərdə
İdeal insan yoxdu, onu heç vaxt özləmə,
heç də bu həyatdan yaxşı əsər gözləmə.
Hər kəs bir rol oynayır
özü bildiyi kimi.
Biz həyatda biri-birimizin
əksiklərini doldurmaqla məşğuluq.
Oxumadığım, rejissorunu görmədiyim əsərdə
sən məndən yaxşı aktyor olmağı gözləmə.
Komediya üçün nəzərdə tutulmuş tamaşanın
sonu faciə ilə bitir.
Səhnənin pərdəsi istənilən an bağlana bilir.
Son sözün ağzında,
son baxışın tavana zillənən gözümdə qalır.
Sonu faciəyə çevrilən bu həyat tamaşasında
sən məndən yaxşı aktyor olmağı gözləmə.
Mən faciə üçün yazılmış bir əsərdə
komik aktyor ola bilmərəm.
Pərdələr göz qapaqları kimi
tez-tez açılıb bağlanır.
Son pərdə gözləri qapamaq üçün sallanır.
Sən məndən yaxşı aktyor olmağı gözləmə.
Mən oxumadığım əsərdə
səhnəyə atılmış həvəskar aktyoram.
27.06.2018Özgə şəhərdə
Özgə şəhərdə yaşamaq nə gözəl.
Özgə şəhərin gülləri də fərqli,
quşları da, ağacları da,
binaları da, adamları da
Adam özünü və sevdiyini yaxşı tanıyır özgə şəhərdə.
Doğma şəhərin doğma küçələrindən,
sənə baxan pəncərələrdən, tanış adamlardan çəkinirsən,
sıxılırsan
Özgə şəhərlərdə tək ay tanış, bulud tanış,
günəş tanış, yağış tanış, külək tanış, sən tanış