Yavaş səslə, gətir, dedi.
Ayna içəri keçmək istəmirdi.
Gətir də. Orda niyə durursan.
Başqa yolu qalmayan Ayna ürkək addımlarla Fərruxun uzandığı döşəyə doğru addımladı.
Qız çayı onun qarşısında xalçanın üstünə qoyub dikəlmək istədikdə bir anın içində yerindən qalxan Fərrux onu qolları arasına aldı. Qızı özünə tərəf sıxıb öpmək istəyirdi ki, üzünə dəyən şillədən gözlərində qığılcım çarpdı.
Kənd qızı güclü əlləri ilə Fərruxu yumruqlayıb ondan canını qurtarmağa çalışdı. Aynanın müqavimətini qıra bilməyən Fərruxun qolları süstləşib yanına düşdü.
Əsəbdən və həyəcandan qıpqırmızı olmuş Ayna geri çevrilib qapıya doğru qaçdı. Fərrux onu durdurmağa çalışsa da, nə söz tapa bildi, nə də ayaqları yerindən tərpəndi.
Etdiyinin indi fərqindəymiş kimi, aman Allahım, mən nə etdim. Tülkü atasına desə, nə oyun çıxaracaq, hələ məlum deyil. Özü də bu gün səhər onu söymüşəm, dedi.
Fərrux ən pis halda nə edəcəyini götür-qoy edirdi. Fikirləşirdi ki, qabaqdangəlmişlik etsin
Hava qaralanadək evdən bayıra çıxmadı Fərrux. Az sonra həyətdən Əhmədəli və Gülgəzin səsləri gəldi. Onların alt evə keçmələrinə imkan vermədi, qapını açıb hər ikisini yuxarı səslədi. Gülgəzin yuxarı qalxmaq fikrinin olmadığını görüb, Bacı, sən də gəl, dedi.
Gülgəz təəccüblə çiyinlərini çəkib Əhmədəlinin arxasınca yuxarı qalxdı:
Axşamınız xeyir. Hara getmişdiniz, çox narahat oldum.
Əhmədəli:
Anam ağır xəstədir, dedilər arvad məni görmək istəyir,
getmişdik ona baş çəkək, deyə cavab verdi.
Mənə niyə demədiniz. Mən də gələrdim sizinlə.
Əhmədəli məktəb direktorunun birdən-birə mülayimləşməsini, səhər
tezdən ona etdiyi təhqirlərin əvəzi kimi qəbul etsə də fikirləşdi ki, Ayə, deyəsən, bu mənim Cəbrayılovun adamı olduğumu bilib.
Gülgəz də heç özünə oxşamayan Söhbətovun bu dəyişkənliyini səhər tezdən ona qarşı etdiyi kobud rəftarın, ərinə etdiyi təhqirin üzrxahlığı kimi qəbul etdi.
Sağ ol, ay müdir. Gəlmiş kimi varsan. Narahat olma. İndi
Gülgəz aşağı düşüb sənə çay, çörək də düzəldər.
Yox, əziyyət çəkməsin. Mən sizə burda çox əziyyət verirəm. Gərək özümə başqa yer tapım. Daha istəmirəm ki, siz bu qədər əziyyət çəkəsiniz.
Yox, yoldaş Söhbətov. Sənin burda qalmağın bizə çox xoşdur. Bir də ki, gedib tək necə qalacaqsan? Sənin yeməyini, çayını kim verəcək?
Fərrux birdən durub oturdu. Əli ilə işarə elədi ki, siz də əyləşin. Əhmədəli ilə Gülgəz bir-birinə baxdılar. Söhbətovu heç zaman belə gülərüz və köməksiz görməmişdilər.
Amma nə vaxtacan belə olacaq? Həmişə siz mənim qulluğumda
durmayacaqsınız ki! Mən də ev-eşik olmalıyam, ya yox?
Düzdür, yoldaş Söhbətov
Araya sükut çökdü. Gülgəz dinmirdi. Əhmədəli gülümsəyib:
Allah bir halal süd əmmiş yetirsin, subaylığın daşını atasan.
Yetirsin də, yetirsin Hazır var da. Axtarmağa nə gərək.
Anlamadım, ay direktor. Əgər varsa, day nə gözləyirsən?
Məndən asılı heç nə yoxdur. Bu sizdən asılıdır.
Əhmədəli Gülgəzə baxdı, Gülgəz də Söhbətova.
Ay direktor, kimdisə de, biz də qabağa düşək, görək kimdir.
Fərrux pəncərəyə tərəf baxıb:
Yox əşşi, uzağa getmək lazım deyil.
Vallah, mən andıra bilmədim.
Fərrux daha sözü uzatmağın yersiz olduğunu görüb dedi:
Qızınız Aynanı istəyirəm
Gülgəzin elə bil indi dili açıldı. Bayaqdan bəri o susqunluğunu
qoruyub saxlasa da, indi daha Fərruxdan utanmadı da:
Bıy, ay yoldaş Söhbətov, böyük qız dura-dura Aynanı sənə
verə bilmərik. Bir də ki, Ayna səndən çox uşaqdır. Alınmaz bu iş
Əhmədəli çevrilib arvadına baxdı. Arvadı başı ilə Əhmədəliyə yox dedi. Yəni fikrim qətidir.
Hə, alınmaz, ay direktor. Böyük qızı verməmiş, onu kimə
verə bilərik ki
Fərrux Əhmədəlinin böyük qızını görmüşdü. Bayaq Aynanın onu şillələyib əlindən çıxması qıza olan ehtirasını artırmışdı. Artıq o nəyin bahasına olursa-olsun, məhz Aynanı ələ keçirmək istəyirdi. Hələlik isə ortanı səngitmək üçün dedi:
Mən gözləyərəm. Siz də böyük qızı bir az tez baş-göz edin ki
Gülgəz:
Allah qismətini versin. Xeyirlisi. Amma ona hələ çox var dedi və qapıya tərəf getdi.
Əhmədəli də sağollaşıb qapıdan çıxdı.
Həmin gün alt evdəkilərdən daha bir səs çıxmadı. Fərrux ac-susuz
yatsa da, şükür elədi ki, Ayna baş verənləri valideynlərinə danışmayıb. Gözlərini yumub yatmağa çalışdı. Xəyalının bir ucunda gənc, dəli ceyranı xatırladan Ayna, o biri ucunda da yaşıdı, dünyalar gözəli Şəhrizad. Xəyalən gah Aynanın, gah da Şəhrizadın yanında olurdu. Birdən at belində Şəhrizada tərəf gələn Talıbı gördü. Tez gözlərini açdı. Yuxusu ərşə çəkilmişdi Masa üstünə kağız-qələm qoyub oturdu. Moskvaya, Mərkəzi Komitəyə və Fövqəladə komissiyaya Talıbın bu günə kimi azadlıqda qalması barədə donos yazacaqdı
***
Bu yaz erkən quzuların sayı çox idi. Talıb İsmayılı da götürüb mal bazarına satmağa quzu aparırdı. Erkən quzuları satıb şişək alacaqdılar. Hümbət də bu gün qoyunları tövlədən çıxarmayıb onlarla gəlmişdi. Quzuları qabaqlarına qatıb üzü bazara doğru getdilər
Sibir Qəzənfər Tərtərin sahili ilə qardaşı, sədr Süleymanla
pambıq sahələrinə baxa-baxa gəlirdilər. Birdən ön tərəfdən bərk şappıltı gəldi. Atlarını yeyinlədib üzü Kürə tərəf çapdılar. Axan çayın ortasında bir qadının suya batıb-çıxdığını gördülər.
Süleyman Sibir Qəzənfərdən cavan olduğundan atını durdurub gimnastyorkasını çıxartdı. Cəld atdan enib Tərtərə baş vurdu. Sibir Qəzənfər də sahədəki kəndlilərə səslənib köməyə çağırdı. Süleyman üzə-üzə özünü batan qadına çatdırıb bir əli ilə qadının qolları altından yapışdı, o biri əli ilə isə üzməyə çalışdı.
Kənd cavanlarından bir neçəsi özünü çaya atıb, Süleymanın
köməyinə yetişdi. Sibir Qəzənfər artıq sahilə yaxınlaşan Süleymandan və suda olan kənd cavanlarından suda batanın kim olduğunu xəbər aldı.
İsmayılın anası Nəsibə arvaddı, Süleyman boğuq səslə qışqırdı.
Sibir Qəzənfər:
Yazıq arvad, əri öləndən necə havalanıbsa
Sibir Qəzənfər Nəsibəni evə aparmalarına göstəriş verdi.
Talıbgil hələ qayıtmamışdılar Nəsibəni daxmasında yatağa uzatmışdılar. Şəhrizad, Nübar, Xoşqədəm onun yanında idilər. Şəhrizad bu zavallı qadının halına acıyır, bugünkü hadisənin hələ bazarda olan İsmayıla evə qayıtdıqda necə təsir edəcəyini düşünürdü.
Tamamilə əldən düşən Nəsibə isə ayağa qalxa bilməsə də, buna cəld edirdi. Şəhrizad və Nübar onu güclə qaldırdılar. Handan-hana Nəsibə sakitləşib gözlərini yumdu.
Xoşqədəm Nəsibə arvadın yanında qaldı. Şəhrizad da arabir Nəsibə arvada baş çəkirdi. Axşama yaxın Talıb, İsmayıl və Hümbət bazardan geri döndülər. Aldıqları şişəklər sağlam görünürdü. Yaxşı da qiymətə almışdılar. Yol boyu xeyli deyib-gülmüşdülər
İsmayılı gülməyə məcbur edən o idi ki, qoyun satanlara yaxınlaşdıqda Talıb uzaqdan hansı qoyunun şişək, hansının erkək olduğunu deyirdi. Hümbət isə ağızlarını açıb dişlərinə, digər yerlərinə baxmamış bunu deyə bilmirdi. İsmayıl da Hümbətə üzünü tutub, ayə, ay Hümbət, sən gözünü açandan qoyunların içində böyümüsən, çobanlıq etmisən, amma hələ də hansı quzunun erkək, hansının da şişək olduğunu bilmirsən. Amma bəy oğlu Talıb bəy bunu uzaqdan baxmaqla edir. İndi sən mənə de görüm, sən çobansan, yoxsa çobanlığın da əldəqayırmadır?
Hər üçü İsmayılın bu sözlərinə xeyli gülmüşdü, Hümbət də özünü sındırmayıb, Talıb qağam hər şeyi, adamları da uzaqdan tanıyır, demişdi.
Belə görünürdü ki, hər üçünün kefi kökdür. Amma həyətə daxil olduqda Şəhrizad və Nübarın İsmayılgilin qapısı ağzında, əli qoynunda dayandıqlarını gördülər.
Daxmalarını hər dəfə tərk edəndə xəstə anasına nə isə ola biləcəyindən daim narahat olan İsmayılın ürəyi sürətlə döyünürdü. İrəli qaçıb, anama bir şey olub? deyə Şəhrizad və Nübardan xəbər aldı.